REGİONLAR
Ağdam rayonunda bələdiyyə seçkiləri seçicilərin fəallığı ilə başlayıb
Ağdam, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda bələdiyyə seçkiləri seçicilərin fəallığı ilə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri İmamqulubəyli kənd tam orta məktəbinin binasındakı 6 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edib. Saat 7.50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8.00-da səsvermənin başlanması elan edilib.
Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edirlər. Seçki məntəqəsində ilk səs verənlərdən biri, kənd sakini Mirzə Nəsibov yaradılan şəraitdən razılığını bildirərək deyib: "İnsanlar seçkilərdə iştirak edir, sərbəst şəkildə istədiyi namizədə səs verirlər. Mən də bir Azərbaycan vətəndaşı kimi öz seçki hüququmdan istifadə edərək istədiyim namizədə səs verdim. Məntəqədə yaradılan şəraitdən razıyam. Ölkəmiz üçün uğurlu olsun”.
Məntəqəyə gələnlərin içərisində gənclər üstünlük təşkil edirdi. İlk dəfə olaraq seçki hüququndan istifadə edən Namiq Bağırzadə fikirlərini belə ifadə edib: "İlk dəfədir ki, səsvermədə ilk iştirak edirəm. Bir qədər həyəcanlı olsam da, səsvermədə iştirak etdiyim üçün sevinirəm. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəyəm”.
Səsvermənin gedişini izləyən müşahidəçılər Məhəbbət Davudov və Azay Allahverdiyev seçkilərin demokratik şəkildə keçirildiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini deyiblər.
Məntəqə seçki komissiyasının sədri Azər Qaraşov bildirib ki, məntəqə üzrə 661 seçici qeydə alınıb. Onlardan 5 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.