REGİONLAR
Ağdam rayonunda erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat ayrılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də “Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.