REGİONLAR
Ağdam rayonunda mal-qaranın baş sayı, ət və süd istehsalı artıb
Ağdam, 9 oktyabr, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2021-ci ilin doqquz ayında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, baş sayında və heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 1 oktyabr vəziyyətinə rayonda 44 min 209 baş iribuynuzlu mal-qara, 100 min 548 baş qoyun-keçi olub. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 3,1 faiz, qoyun və keçilər 0,5 faiz çoxalıb.
2021-ci ilin yanvar-sentyabr aylarında təsərrüfatlarda 3613 ton ət, 30 min 735,6 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,3 faiz, süd istehsalı 5,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2021-ci ilin doqquz ayında 3503 baş inək və düyə süni yolla mayalandırılıb, 2248 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.