CƏMİYYƏT
Ağdam sakinləri minnətdarlıq edirlər
Ağdam, 8 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycan Prezidenti İlham Əliyevin “Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 7 avqust 2014-cü il tarixli Sərəncamı rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılıb.
Sakinlər bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi böyük diqqət və qayğısının parlaq təcəssümü kimi dəyərləndirirlər.
Rayon sakini - Üçoğlan kənd bələdiyyəsinin sədri Həsrət Səfərov öz fikirlərini belə ifadə edib: “Respublikanın bütün bölgələrində olduğu kimi Ağdam rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur. Ölkə başçısının rayonun kəndlərarası yollarının yenidən qurulması ilə bağlı Sərəncamı sakinlərin böyük sevincinə səbəb olub. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığımı bildirirəm”.