Ağdamda ümumi məhsul istehsalının həcmi 5 faiz artıb
Ağdam, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu ilin birinci rübündə Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 18,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur. Hesabat dövründə 3,9 milyon manatlıq sənaye, 9,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 1,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağdam rayonunun Quzanlı qəsəbəsində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib.
Yığıncaqda ilin üç ayının yekunları təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəb binasının və Muğam Mərkəzinin tikintisi davam etdirilir.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin birinci rübündə 1019 hektar sahədə tərəvəz, 330 hektarda kartof, 437 hektarda təzə yonca, 131 hektarda şəkər çuğunduru əkilib. Pambıq becərilməsi üçün 3100 hektarda şum aparılıb, çiyid səpininə başlanılıb. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 541 baş heyvan süni yolla mayalandırılıb, 395 baş sağlam bala alınıb.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb.