İQTİSADİYYAT
Ağdaşda əhalinin elektrik enerjisi və təbii qazla təminatı diqqət mərkəzindədir
Ağdaş, 31 iyul (AZƏRTAC). Ağdaş rayonunda əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatını yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Kükəl kəndi ərazisində inkişafına 2010-cu ildə başlanılmış 220/110 kv-luq 2x125 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir. Bu ilin əvvəlindən bəri rayonda 45 kilometr elektrik xətti əsaslı və cari təmir olunmuşdur.
Bundan əlavə, Ağdaş şəhərinin, Ləki qəsəbəsinin küçələrində və digər kəndlərdə mövcud olan müxtəlif ölçülü 21066 poqonmetr qaz xətləri yenisi ilə əvəz olunmuş, rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat, Bəylik, Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz yanacağının verilməsi üçün müxtəlif ölçülü 16545 poqonmetr qaz xətləri çəkilmiş, 989 yeni qaz sayğacı quraşdırılmışdır. Tofiqi kəndinə təbii qazın verilməsi bərpa edilmiş, digər kəndlərdə isə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması istiqamətində tamamlanma işləri görülür. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qaz veriləcəkdir.