CƏMİYYƏT
Ağstafa şəhərində körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir
![Ağstafa şəhərində körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir](/files/2013/2/1200x630/14071447634276539327_1200x630.jpg)
Ağstafa, 7 avqust (AZƏRTAC). Ağstafa şəhərində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa olunan 115 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər son vaxtlar rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərindən söhbət açmışlar. Azərbaycan Prezidenti İlham Əliyevin rayona son səfərinin insanlarda böyük ruh yüksəkliyi yaratdığı, yeni istifadəyə verilmiş sosial obyektlərin və həyata keçirilməkdə olan digər infrastruktur layihələrinin sakinlər tərəfindən razılıqla qarşılandığı diqqətə çatdırılmışdır.
Rayonda bir çox sahələrlə yanaşı, körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yenilərinin tikintisi və əsaslı təmiri istiqamətində görülən işlər barədə də məlumat verilmişdir.
Mərasim iştirakçıları gələcəyimiz olan körpələrin sağlam ruhda böyüməsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Daha sonra mərasim iştirakçıları yeni istifadəyə verilən körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar.