REGİONLAR
Ağstafada kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb
Ağstafa, 19 noyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında kənd təsərrüfatının rayon üçün ənənəvi olan sahələrinin inkişaf məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, geniş tərkibdə keçirilən şura iclasında rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev cari ilin ötən dövründə ölkəmizdə, o cümlədən Ağstafa rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi istiqamətində əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verib.
İclasda rayonda aqrar sektorda həyata keçirilən layihələr, o cümlədən baramaçılığın inkişaf etdirilməsi, fındıq bağlarının salınması və çuğundur əkini sahəsində əməli işlər görüldüyü diqqətə çatdırılıb. Məlumat verilib ki, barama istehsalının artırılması üçün yeni tut tinglərinin əkilməsinə başlanılıb. Eyni zamanda, çuğundur əkini sahələrinin müəyyən edilməsi və iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
İclasda rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, rayonun baş memarı Sənan Mustafayev və sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlil şöbəsinin müdir müavini Ramiz İmanov çıxış ediblər.
Sonra müzakirə olunan məsələlər barədə müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müzakirə olunan məsələlərin həlli ilə əlaqədar tövsiyə və tapşırıqlarını verib.