İQTİSADİYYAT
Aktau Logistika Mərkəzinin yaradılması Qazaxıstan və Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 28-də Qazaxıstanda Aktau İstehsal və Logistika Mərkəzinin təməli qoyulacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə keçiriləcək mərasimdə ölkəmiz iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Səfər çərçivəsində Aktauda Azərbaycan və Qazaxıstan iş adamlarının iştirakı ilə biznes forumun təşkili də nəzərdə tutulur. Forumda rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamı iştirak edəcəkdir. Biznes forum iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Qeyd edək ki, “Aktau İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu ötən il Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” şirkəti və Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonası” Səhmdar Cəmiyyəti arasında imzalanmışdır. Logistik mərkəzin yaradılması hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının, ölkələrarası iqtisadi münasibətlərin daha da genişləndirilməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcəkdir. Layihə Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artırılması baxımından da əhəmiyyətlidir.