İQTİSADİYYAT
Aleksey Ulyukayev: Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsini 4 milyard dollara çatdırmaq mümkündür
Bakı, 2 iyun (AZƏRTAC, Samirə Quliyeva). İki il ərzində Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsini 4 milyard dollara çatdırmaq mümkündür. Qiymətləndirməmizə görə, iki ölkə arasında ticarət dövriyyəsi 3,6 milyard dollardır. Lakin bu rəqəmlər mövcud potensialı əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 2-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini diqqətə çatdıran nazir demişdir ki, Bakı sürətli iqtisadi dinamikaya malik şəhərdir. Rusiya ilə Azərbaycanın oxşarlıqları çoxdur.
Nazir vurğulamışdır ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafını ləngidən əsas amil logistik məhdudiyyətlər və müqavilə-hüquqi bazanın natamam olmasıdır.
Rusiyalı nazir demişdir: “Bu problemlərin həlli üzərində çalışmaq lazımdır. Azərbaycanlı həmkarım Şahin Mustafayev ilə görüşümüz zamanı iki ölkə ərazisində logistik mərkəzlərin tikintisini, avtomobil və dəmir yolu nəqliyyatı ilə tranzit daşımalarının inkişaf mexanizmləri məsələlərini, eləcə də ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik”.