REGİONLAR
Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
![Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir](/files/2024/2/1200x630/17192292003959137094_1200x630.jpg)
Zəngilan, 24 iyun, A.Yavərzadə, AZƏRTAC
İyunun 24-25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə azad edilmiş ərazilərdə - Şərqi Zəngəzurda ilk dəfə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir. Forumda Azərbaycanda fəaliyyət göstərən ictimai birliklərin 200-ə yaxın rəhbəri və nümayəndəsi iştirak edir. Forum çərçivəsində “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında maraqlı panel müzakirələr olacaq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.
“Artıq forum öz işinə başlayıb. İstər qeyri-hökumət təşkilatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai iştirakçılığın təşviq edilməsi, istərsə də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi mövzularında maraqlı panel müzakirələri gedir. Qeyri-hökumət təşkilatları forum çərçivəsində, həmçinin Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissəyə də səfər edəcəklər”, - deyə icraçı direktor əlavə edib.