REGİONLAR
Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib
![Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib](/files/2024/2/1200x630/17195618822326933472_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Xızı rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
“Aztelekom”dan AZƏRTAC-a bildirilib ki, Xızı şəhərində şəbəkənin tikintisi artıq başa çatdırılıb. Şəhər mərkəzində 946 təsərrüfatdan 318 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Xələnc, Fındığan, Tıxlı, Köhnə Xızı, Altıağac, Baxışlı, Giləzi, Məşədi Həsən, Türkoba, Sitalçay kəndlərində, Yaşma bağları, Yaşma, Yeni Yaşma və Şorabad qəsəbəsində 7243 təsərrüfat üçün şəbəkənin tikintisi yekunlaşıb. Ümumilikdə rayonda mövcud təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda rayon ərazisində 2794 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Ümumilikdə, 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85 faizini təşkil edir.