CƏMİYYƏT
FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir
![FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir](/files/2024/2/1200x630/17195619145920511141_1200x630.jpeg)
Bakı, 28 iyun, AZƏRTAC
2020-ci ildə müxtəlif ərazilərdə məhsul yığımından sonra qlobal miqyasda ərzaq məhsullarının 13.2 faizi itirilib. Ərzaq itkisi və tullantıların azaldılması FAO-nun qlobal yol xəritəsində temperaturun 1.5 həddində saxlanılması üçün vacib bir fəaliyyət sahəsidir. Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir. Həmin emissiyalar qida itkisi və tullantılar da daxil olmaqla qida təchizatı zəncirinin hər mərhələsindən qaynaqlanır. Bu da istixana qazlarının emissiyasının 10 faizini, bütün şirin su istifadəsinin dörddəbirini təşkil edir. Hər il buna görə bir trilyon dollardan çox xərc çəkilir.
AZƏRTAC xəbər verir ki, bunu FAO-nun layihə eksperti Pərviz Əliyev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində keçirilən “Sıfır tullantı hədəfinə doğru: tullantılarla çirklənmə probleminin yenilik, siyasət və ictimai maarifləndirmə ilə həll edilməsi” mövzusunda panel müzakirəsində deyib.
“Son hesabatlar göstərir ki, qida tullantılarının maliyyə təsiri əvvəllər təxmin ediləndən 25-50 faiz yüksək ola bilər. Beləliklə, ölkələrə və icmalara istixana qazlarının emissiyasını azaltmağa və iqlim hədəflərinə çatmağa kömək edə biləcək böyük iqlim həlləri lazımdır. Çünki növbəti 25 ildə həmin emissiyaların 8 dəfə artması potensialı var”, - deyə P.Əliyev bildirib.