İQTİSADİYYAT
İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
![İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib](/files/2024/2/1200x630/17195629194604612849_1200x630.jpg)
Şuşa, 28 iyun, AZƏRTAC
İndiyədək Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov iyunun 28-də Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
O bildirib ki, bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. Hazırki layihələrlə Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb.
“Hər iki sənaye parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. 2024-cü ilin birinci yarımilliyində Ağdam Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 68 milyon manat olan 9 layihənin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı üzrə ümumi investisiya dəyəri 42,7 milyon manat olan 6 layihənin rezidentliyi təsdiqlənib. Hazırda da Agentlik tərəfindən bir sıra investisiya layihələrinə baxılır", - deyə S.Adıgözəlov qeyd edib.