ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRİN BOŞ QALAN PLAN YERLƏRİNƏ VƏ 11 İLLİK TƏHSİL BAZASINDAN ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ MÜSABİQƏNİN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün ölkəmizin ali məktəblərinin boş qalan plan yerlərinə və 11 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 16-da saat 14:00-da TQDK-nın internet saytında yerləşdirilmişdir.
Ali məktəblərin boş qalan 1562 plan yerinə 2684 abituriyent ərizə vermişdir. Onlardan 836 nəfəri tələbə adı qazanmış, Azərbaycan bölməsinə 713, rus bölməsinə 123 nəfər qəbul olunmuşdur. Qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc ediləcəkdir.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxs lazımi sənədləri avqustun 19-dan 23-dək müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Nəzərdə tutulan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
11 illik orta təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 6 min 386 plan yerinə 6 min 178 nəfər qəbul olunmuşdur.
Orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc ediləcəkdir.
Təhsil formasından asılı olmayaraq, orta təhsil bazasından orta ixtisas məktəbinin hər hansı bir ixtisasına qəbul olunmuş şəxs lazımi sənədləri avqustun 19-dan 23-dək müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Nəzərdə tutulan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.