ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi avqustun 8-dən 13-dək davam edəcək
Bakı, 8 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi aparılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin boş qalan plan yerləri (boş qalan plan yerlərinin sayı 4050-dir) üzrə ixtisas seçimi internet vasitəsilə avqustun 8-dən 13-dək davam edəcək. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir.
İmtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
İxtisas seçimi haqqında elan, boş qalan plan yerlərinin siyahısı, müsabiqə şərtləri və s. məlumatlar “Abituriyent” jurnalının 8-ci nömrəsində təqdim olunub.