İQTİSADİYYAT
Ali təhsil müəssisələrinin tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçmişlər
Bakı, 29 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə imzaladığı əməkdaşlıq memorandumuna əsasən, həmin təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi məqsədilə şirkətdə istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən tələbə və müəllim heyətinin yararlanması, eyni zamanda, tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bununla əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin və Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC–nin xidmət sahələrində istehsalat təcrübəsi keçmişlər.
AZƏRTAC xəbər verir ki, təcrübə müddətində tələbələrə QSC-nin fəaliyyəti, xüsusilə burada sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də texnoloji qurğuların iş prinsipləri barəsində ətraflı məlumatlar verilmişdir.
Həmçinin tələbələr torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi sahələrdə ağaclara aqrotexniki xidmətlərin göstərilməsi ilə tanış olmuş, onlara QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək yeni layihələr barədə məlumat verilmişdir.
QSC-də istehsalat təcrübəsinin səmərəli keçməsi üçün tələbələrə bütün lazımi şərait yaradılmışdır.
Avqust ayında isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin tələbələrinin də QSC-də istehsalat təcrübəsi keçmələri nəzərdə tutulmuşdur.