ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanı keçiriləcəkdir
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanını keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında və Bakı Qızlar Universitetində saat 11.00-da başlanacaqdır.
Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri hər gün saat 10.00-dan 17.00-dək ARDNŞ-in İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a) təqdim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası verilir.
ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Qeydiyyat ARDNŞ tərəfindən aparılmış və 2.128 nəfər qeydiyyatdan keçmişdir.
Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaqdır. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcəkdir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-in məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcəkdir.