ELM VƏ TƏHSİL
Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirmə prosesi üçün ekspertlərin seçimi davam edir
Bakı, 14 yanvar, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ölkə ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir.
Təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi TKTA-nın yaratdığı müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak etmək istəyən namizədlər üçün TKTA tərəfindən “Ekspert bankı” yaradılıb.
Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi proseslərində iştirak etmək istəyən və “Ekspert bankı”na CV ilə müraciət etmiş namizədlər üçün TKTA tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlərə sertifikatlar verilir.
Yalnız sertifikat əldə etmiş mütəxəssislər akkreditasiya prosesinə cəlb olunacaqlar.
Müraciət üçün TKTA-nın internet səhifəsinin “Ekspert komandamıza qoşulun” bölməsinə daxil olaraq daha ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, “Ekspert bankı”na daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Ali təhsil müəssisələrində çalışan elmi ad və elmi dərəcəsi olan namizədlərin müraciəti arzuolunandır.