ELM VƏ TƏHSİL
Alman dili fənni üzrə buraxılış və qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) alman dili fənni üzrə seminarın iş planının, 2016-cı ildə tam orta təhsil (XI illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.
Bu barədə AZƏRTAC-a TQDK-dan məlumat verilib. Bildirilib ki, müzakirədə iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
2016-cı ildə tam orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarının proqramları təkliflər nəzərə alınmaqla təsdiq edilib. Proqramlar 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq.