DÜNYA
ALMANİYA “SINDIRILMIŞ ŞÜŞƏLƏR GECƏSİ” FACİƏSİNİN İLDÖNÜMÜNÜ QEYD EDİR
AZƏRTAC xəbər verir ki, Almaniyada 1938-ci il yəhudi qırğını qurbanlarının xatirəsi yad olunur. Noyabrın 9-da tarixdə “Kristalnaxt”, yaxud “sındırılmış şüşələr gecəsi” kimi qalmış hadisənin baş verməsindən 70 il keçmişdir. Həmin gün nasistlər və Adolf Hitler hökumətinin qoluzorluları yəhudilərin mənzillərində, ofis və mağazalarında talanlar törətmiş, sinaqoqları və yəhudi məzarlarını təhqir etmişlər. Talançılar yəhudiləri küçələrdə dükanların vitrinlərinin sındırılmış şüşələrinin üstü ilə ayaqyalın getməyə məcbur edirdilər. O müdhiş gecədə minlərlə yəhudinin əmlakı talan edilmiş, özləri isə zorakılığa məruz qalmışdılar. Üçüncü Reyxin 300 000-ə yaxın yəhidi vətəndaşı Hitler düşərgələrinə göndərildi. “Kristalnaxt” təbliğat naziri Yozef Gebbelsin yəhudilərə qarşı zorakılığa çağıran nitqindən sonra başlanmışdı.
Həmin faciədən 70 il sonra Almaniya cəmiyyətində antisemitizmin rüşeymləri hələ də cücərməkdədir. DPA agentliyi xəbər verir ki, bu yaxınlarda neonasistlər qrupu yeni sinaqoqun açıldığı Frankfurt-Oder şəhərində ictimai asayişi pozmağa çalışmışlar. Polis 15-24 yaşlarında 16 xuliqanı həbs etmişdir.
Kansler Angela Merkel bildirmişdir ki, Almaniya irqçilik və antisemitizm təzahürlərinin qarşısını qətiyyətlə almalıdır. Noyabrın 9-da Berlində Almaniyada ən iri sinaqoq açılmışdır. 1904-cü ildə tikilmiş bu sinaqoq 1938-ci il talanları zamanı dağıdılmışdı.
Müharibədən əvvəl Almaniyada təxminən 600 000 yəhudi yaşayırdı. Müharibənin sonunadək yəhudi icmasının sayı 12000 nəfərə düşmüşdü. Hazırda 110 000 yəhudi mənşəli vətəndaşı olan Almaniya Avropa İttifaqında ən çox yəhudinin yaşadığı ölkədir.