İQTİSADİYYAT
Altı ayda 439,2 mindən çox icbari sığorta müqaviləsi imzalanmışdır
Bakı, 13 iyul (AZƏRTAC). 2013-cü ilin altı ayı ərzində 439,2 mindən çox icbari sığorta müqaviləsi imzalanmışdır.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilmişdir ki, bu müddətdə daxil olan sığorta haqlarının məbləği 32,4 milyon manatdan çox olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5 faiz, sığorta haqlarının məbləğində 7 faiz azalma müşahidə edilmişdir.
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərindən 7737-i üzrə 10,8 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmiş, 263 sığorta tələbi isə baxılma mərhələsindədir.
Hesabat dövründə İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 28 min 191 manat ödəniş həyata keçirilmişdir. Kompensasiya tələblərindən 7-si şəxsin sağlamlığına dəyən zərər, digər 4-ü isə şəxsin ölümü ilə bağlı ödənilmişdir.