ELM VƏ TƏHSİL
AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi-praktiki jurnallarının veb-saytları istifadəyə verilmişdir
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun nəşrləri olan “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının veb-saytları istifadəyə verilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan, ingilis və rus dillərində təqdim olunan veb-saytların hazırlanmasında məqsəd jurnalların fəaliyyətinin səmərəliliyini artırmaq və beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq, operativ informasiya xidməti göstərməkdir. Müəlliflər məqalələrini elektron poçt vasitəsilə jurnal redaksiyalarının veb-saytlarına göndərmək imkanı qazanacaq, həmçinin, daxil olan məqalələrin elmi ekspertizadan keçirilmə mərhələləri, onlara verilən rəylər haqqında operativ məlumat əldə edə biləcəklər. Bununla yanaşı, jurnalların elektron arxivi ilə tanış olmaq imkanı da yaradılmışdır.
Veb-saytların hazırlanmasında dünyanın aparıcı elmi jurnallarının təcrübəsi və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin işinin təşkilinə dair tövsiyələri nəzərə alınmışdır. Saytların istifadəyə verilməsi həm də Azərbaycan elminin informasiyalaşdırılmasına, dünya elminə inteqrasiyasına xidmət edir.
“İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnalları 2010-cu ildə təsis olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövri nəşrlərin dövlət reyestrinə daxil edilmişdir. Elə həmin il bu nəşrlər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na salınmış, onlar üçün dövri nəşrlərin identifikasiyasına imkan verən Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) alınmışdır.
Hazırda bu jurnalların elektron variantları üçün e-ISSN almaq məqsədi ilə tələb olunan şərtlərin ödənilməsi sahəsində müvafiq işlər görülür. Jurnalların veb-saytlarının istifadəyə verilməsi həm də həmin tələblərin yerinə yetirilməsinə xidmət edir.