ELM VƏ TƏHSİL
AMEA-nın “Akademiya şəhərciyi”ndə yenidənqurma və abadlıq işləri uğurla davam etdirilir
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Akademiya şəhərciyi”ndə Prezident İlham Əliyevin Sərəncamı ilə başlanmış tikinti, yenidənqurma və abadlıq işləri uğurla davam etdirilir.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının tikintisi bu ilin sonunadək yekunlaşacaqdır. Kimya Problemləri, Fizika və Geologiya institutlarının binalarının əsaslı təmiri isə sentyabrda tamamlanacaqdır.
Bütün bunlardan əlavə, “Akademiya şəhərciyi”ndən bir neçə qeyri-akademik qurum köçürülmüş, digərlərinin köçürülməsi ilə bağlı danışıqlar aparılır.
İyulun 20-dən başlayaraq Bakı Abadlıq İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərcikdə abadlaşdırma işləri görülür. Əraziyə çəmənliklər döşənilir, çeşidli güllər əkilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağaclar cavanlaşdırılır, quruları kəsilərək yeniləri ilə əvəz olunur.
Bunlardan əlavə, şəhərcikdəki mərkəzi qazanxananın fəaliyyəti təkmilləşdirilir, o cümlədən qış mövsümünə hazırlıq üçün texniki avadanlıq saz vəziyyətə gətirilir, nizam-intizam qaydaları gücləndirilir. Şəhərcikdə xidməti və şəxsi avtomobillər üçün yeni dayanacaq yaradılır. Dayanacaq istifadəyə verildikdən sonra institutların qarşısında avtomobillərin saxlanılmasına qadağa qoyulacaqdır.