ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının gənc alimi Tbilisidə keçiriləcək beynəlxalq konfransda məruzə edəcəkdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Oktyabrın 23-dən 26-dək Tbilisidə “Qafqazşünaslıq: Qafqazda çoxmədəniyyətlilik və tolerantlıq” mövzusunda III Beynəlxalq konfrans keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq konfransın təşkilatçıları Tbilisi Dövlət Universiteti, Gürcüstanın Qafqazşünaslıq və Dilçilik institutlarıdır.
Konfransın məqsədi Qafqaz regionunda çoxmədəniyyətlilik və tolerantlığın səviyyəsini öyrənmək, bu istiqamətdə aparılmış tədqiqatların nəticələrini müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.
Beynəlxalq tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının doktorantı Təranə Mirzəyeva iştirak edəcəkdir.
MDB və bir sıra Avropa ölkələrinin alimlərinin iştirak edəcəkləri konfransda T.Mirzəyeva “Bakı-Tbilisi-Ceyhan neft kəməri regional təhlükəsizliyin obyekti kimi” mövzusunda məruzə ilə çıxış edəcəkdir.