ELM VƏ TƏHSİL
AMEA-nın təsisçiləri barədə lövhənin təqdimatı olub
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın təsisçiləri barədə lövhələrin təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu qurumun direktoru Leyla İmanova tədbirin layihə icraçıları və ictimaiyyət qarşısında hesabat xarakteri daşıdığını vurğulayıb.
Qeyd olunub ki, kitabxanaya gələn xarici və yerli qonaqlar, oxucular akademiyanın təsisçisi olan 15 görkəmli alimin büstlərindən ibarət qalereyanı böyük maraqla ziyarət edirlər. Bu lövhələrin hazırlanması ziyarətçilərin alimlərimizi tanımaq və onlar haqqında məlumatları müxtəlif dillərdə əldə etmək imkanını asanlaşdırmaq baxımından olduqca əhəmiyyətlidir.
Təqdimat mərasimində Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xəlili və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi kitabxana ilə bağlı təəssüratlarını bölüşüblər. Qonaqlar AMEA-nın təsisçiləri barədə məlumatların tərcüməsində özlərinin də böyük maraq və həvəslə iştirak etdiklərini bildiriblər.
Daha sonra iştirakçılar 15 görkəmli alimin büstlərinin yanında onlar barəsində məlumatları əks etdirən lövhələrlə tanış olublar. Xüsusi dizaynla hazırlanan şəffaf lövhələrdə məlumatlar Azərbaycan, rus, ingilis, ərəb və fars dillərində təqdim edilir.
Qonaqlara “AMEA-nın təsisçiləri” on beş cildliyi hədiyyə olunub.