CƏMİYYƏT
Amerika alimləri yaşıllaşdırma işlərində istifadə etmək üçün havanın ozonla çirklənməsinə daha həssas olan bitki növləri seçiblər
Bakı, 8 avqust (AZƏRTAC). Yaşıllıqlar salmaq üçün havanın çirklənməsinə davamlı olan bitki növləri ilə bərabər, mühitdə müxtəlif tullantıların mövcud olmasına həssas reaksiya göstərən indikator bitkilərdən istifadə etmək lazımdır. Üstəlik, bu, çox rahatdır, çünki mənzil alanda və ya sadəcə, küçədə gəzişəndə, bu rayonunun ekoloji problemləri barədə məlumatınız olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaşıllaşdırma işləri üçün havanın ozonla çirklənməsinə daha həssas olan bitki növləri seçən ABŞ Milli Atmosfer Tədqiqatları Mərkəzinin (NCAR) əməkdaşları indikator bitkilər qrupunu “ozon bağı” adlandırıblar. Qeyd edək ki, ozon çox zəhərli qazdır. Bu güclü oksidləşdirici bütün canlılar - bitkilər, heyvanlar və insanlar üçün təhlükəlidir. Bundan əlavə, ozon kanserogen və mutagendir, habelə tənəffüs sistemi xəstəliklərinin inkişafına şərait yaradır. Bu qaz işlənmiş avtomobil qazlarının tərkibində olan yüngül üzvü maddələrin və azot oksidlərinin iştirakı ilə atmosferdə əmələ gəlir. Xüsusilə, günəşli isti havada qazla çirklənmiş avtomobil yollarında daha çox ozon əmələ gəlir.