CƏMİYYƏT
ANAMA Türkiyənin on nəfərlik heyətinə ikinci Səviyyəli EOD kursu keçirmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları Türkiyənin Makina və Kimya Sənayesi Qurumunun (MKE) 10 nəfərlik heyəti üçün noyabrın 28-dən başlayaraq 2-ci Səviyyəli EOD (Partlayıcı Sursatları Məhv Edilməsi) kursu keçirmişdir.
ANAMA-dan AZƏRTAC-a bildirmişlər ki, təlim kursu MKE-nin Türkiyə ərazilərində Humanitar Mina Aksiyasında rolunu təmin etmək məqsədi ilə təşkil olunmuşdur.
Kurs müddətində MKE-nin heyəti minalar və müharibənin partlayıcı qalıqlarının təkmilləşmiş metodlar vasitəsilə məhv edilməsinə dair bilik və bacarıqlara yiyələnmişlər.
MKE-nin heyəti 2 həftə ərzində ANAMA-nın Göygöl Regional Tədris Mərkəzində nəzəri biliklərə yiyələnmiş, 2 həftə ərzində isə Füzuli regionunda praktik təcrübə keçmişlər.
Bu kurs ANAMA tərəfindən MKE üçün həyata keçirilən sayca 3-cü təlimdir.
Kursu uğurla başa vuran müdavimlərə EOD-2 kvalifikasiyası və beynəlxalq səviyyəli sertifikatlar təqdim olunacaqdır.
Bu münasibətlə dekabrın 22-də ANAMA-nın Füzuli Regional Bazasında mərasim keçiriləcəkdir.