SİYASƏT
Ankarada TürkPA-nın hüquq məsələləri daimi komissiyasının iclası keçirilir
Ankara, 20 dekabr (AZƏRTAC). Türkiyə Böyük Mİllət Məclisində Türkdilli Ökələrin Parlamentlər Assambleyasının (TürkPA) hüquq məsələləri daimi komissiyasının iclası keçirilir.
İclasda TürkPA-nın baş katibi Ramil Həsənov, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentariləri iştirak edirlər.
Toplantıya sədrlik edən daimi komissiyanın sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək bildirmişdir ki, TürkPA yeni yaranmış təşkilat olsa da, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Bu iclasda üzv ölkələrin konstitusiyaları müqayisə olunacaq, onların təkmilləşdirilməsi üzrə təkliflər veriləcəkdir. Bu təkliflər kitab şəklində parlamentlərə təqdim olunacaqdır.
H.İpək türkdilli ölkələrin parlamentlərinin hər birinin qədim ənənəsi olduğunu, türk xalqlarının tarixində “Toy-qurultay” adlandırılan məclislərin, ağsaqqallar qurultaylarının mühüm qərarlar qəbul etdiklərini xatırlatmışdır. Oğuz türklərində “Kirmək”, bugünkü adı ilə “Dərnək” adlanan toplantılar da tariximizdə mövcuddur.
Toplantıda TürkPA-nın baş katibi Ramil Həsənov, Azərbaycan Milli
Məclisinin deputatları Çingiz Qənizadə və İqbal Ağazadə, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatları çıxış etmişlər.
Toplantının yekununa dair mətbuat konfransı keçiriləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara