REGİONLAR
Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şuranın iclası keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının 2019-cu il üçün yekun iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gündəlikdə duran məsələlərlə bağlı danışan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, aqrar sahədə aparılan islahatlara uyğun olaraq Şuranın iş fəaliyyəti yenidən təşkil olunub. Elmi-tədqiqat institutlarının direktorlarının, müstəqil ekspertlərin daxil olduğu Şura dinamik iş prinsipi həyata keçirərək aqrar elmin qarşısında duran vəzifələri uğurla reallaşdıracaq.
Şuranın iclasında elmi-tədqiqat institutları tərəfindən regional aqrar elm və innovasiya mərkəzlərində (RAEİM) nümayiş etdiriləcək yeniliklər, elmi-tədqiqat institutları, təcrübə stansiyaları, RAEİM-lər arasında əməkdaşlığın təşkili məsələləri müzakirə olunaraq qəbul edilib.
Həmçinin iclasda yaz-tarla işlərinin vəziyyəti və yüksək məhsulu təmin edən aqrotexniki tədbirlərin görülməsi (əkinə qulluq, yazlıq əkinlərə hazırlıq, gübrələmə və s.), tədqiqat mövzularının seçilməsində müasir çağırışların nəzərə alınması, kadr hazırlığı, kadrların işə götürülməsində ixtisasa uyğunluğun təmin olunması ilə bağlı hədəflər müəyyən olunub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov Azərbaycan və Türkiyə mənşəli pambıq sortlarından hibridləşmə yolu ilə stress faktorlara davamlı, istehsalçıların tələblərinə cavab verən, yüksək məhsuldar və sənaye keyfiyyətli sortların alınması layihəsi haqqında, mərkəzin şöbə müdiri Faiq Xudayev “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Qanun layihəsinin müzakirəsi ilə əlaqədar İşçi qrupun yaradılması barədə şura üzvlərinə məlumat veriblər.
Şura tərəfindən “Azərbaycan Aqrar Elmi” jurnalının yeni redaksiya heyəti tərkibinin formalaşdırılması, aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar İşçi qrupun yaradılması qərara alınıb.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev ölkədə tərəvəz toxumçuluğunun inkişaf etdirilməsində fermerlərin fəaliyyətinin artırılması, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev isə təsərrüfatlarda maddi-texniki bazanın gücləndirilməsi barədə təkliflər səsləndiriblər.
Şuranın iclasında digər cari məsələlər də müzakirə olunub, 2020-ci ildə aqrar elm potensialının daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.