AQRAR SAHƏDƏ ABŞ–AZƏRBAYCAN ƏLAQƏLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə səfərdə olan ABŞ-ın Oklahoma ştatının Milli Qvardiya komandanı general-mayor Harri Vyatt və onu müşayiət edən şəxslərlə görüşmüşdür.
Görüşdə Oklahoma ştatı ilə Azərbaycan Respublikası arasında potensial tərəfdaşlığa dair fikir mübadiləsi aparılmış, mövcud əlaqələrin genişləndirilməsi imkanları arasdırılmışdır.
İsmət Abasov qonağı səmimi salamlayaraq, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların verdiyi nəticələr, əldə olunmuş uğurlar barədə ətraflı məlumat vermiş, aqrar islahatların daha da dərinləşdirilməsi məqsədi ilə ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, o cümlədən regionların sosial-iqtisadi yüksəlişinə xüsusi diqqət yetirdiyini nəzərə çarpdırmışdır.
Nazir Azərbaycanla ABŞ arasında mövcud strateji əməkdaşlığın hər iki dövlətin xarici siyasət kursunda əhəmiyyətli yer tutduğunu qeyd etmiş, ölkəmizdə aparılan genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsində ABŞ-ın müxtəlif qurumlarının iştirakını yüksək qiymətləndirmiş, onlara öz minnətdarlığını bildirmişdir.
O vurğulamışdır ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində sərhəd bölgələrində yaşayan kənd əhalisi əziyyət çəkir, ermənilərin tez-tez atəşkəsi pozması kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan insanlara maneçilik törədir.
İsmət Abasov ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna, xüsusən aqrar sahəyə investisiya qoyması üçün əlverişli və münbit şərait olduğunu qeyd etmiş, ölkəmiz üçün prioritet hesab edilən sahələri diqqətə çatdırmışdır.
Harri Vyatt səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, ABŞ hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Azərbaycan diplomatiyasına bu sahədə həmişə yardım etmək imkanı olduğunu qeyd etmişdir. Qonaq Oklahoma ştatı ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində görülmüş işlər barədə məlumat verərək onların arasında həm iqtisadi, həm də ərazi baxımından oxşar cəhətlər olduğunu demişdir. Generalın sözlərinə görə, Oklahoma ştatının da əsas iqtisadiyyatını neft sənayesi və kənd təsərrüfatı təşkil edir. Bu ştatın Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqələr qurulmasının hər iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulamışdır.
Harri Vyatt ştatda fəaliyyət göstərən “Nobel fondu” QHT-nin fəaliyyəti, o cümlədən yerli fermerlərə göstərdiyi dəstək barədə ətraflı məlumat vermiş, qurumun Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə təcrübə mübadiləsi aparmaq və aqrar strategiyanın prioritet istiqamətlərinin müəyyənləşdirilməsində yardım etmək, məsləhət vermək imkanlarının olduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, ölkəmizin aparıcı alimləri, Təhsil Nazirliyinin məsul əməkdaşları və başqaları iştirak etmişlər.