DÜNYA
Aralıq dənizinədək marşrutlarda həlak olan qaçqınların sayı dənizdə ölənlərdən iki dəfə çoxdur
Cenevrə, 4 noyabr, AZƏRTAC
Avropaya yetişmək üçün Aralıq dənizi marşrutunu seçən qaçqınlar arasında hər il minlərlə insan həyatını itirir. Lakin Afrikada Aralıq dənizi sahilinədək marşrutlarda ölən insanların sayı dənizdə batanlardan azı iki dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Aralıq dənizi və Liviya üzrə xüsusi nümayəndəsi Vinsent Koşetel mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəqliyyat qəzaları, susuzluq və aclıq, müxtəlif xəstəliklər, soyğunçuların basqını və zorakılıq ölüm hallarının əsas səbəbləridir. Bununla belə, heç bir statistika aparılmadığına görə, ölənlərin sayı yalnız ehtimal oluna bilər.
Xüsusi nümayəndə bildirib ki, ölüm hallarının sayı barədə dəqiq məlumat olmasa da, istənilən halda bu faciə hesab edildiyindən daha böyükdür. Afrikanın tranzit ölkələrinə tez-tez səfər edən V.Koşetel səhralarda və səhrayanı ərazilərdə aşkarlanan naməlum insan cəsədlərinin də Avropaya can atan qaçqınlara aid olduğunu qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, Aralıq dənizinə çatanadək həyatını itirən qaçqınlarla bağlı statistikada qaranlıq rəqəmlər var. 2014-cü ildən indiyədək 19005 nəfər Aralıq dənizində, 4463 nəfər isə dəniz sahilinə çatanadək Şimali Afrikada həlak olub. Lakin Aralıq dənizində baş verən qəzalar üzrə statistikanın daha dəqiq mənbələrdən aparıldığını nəzərə alaraq, quruda həlak olanların sayının qat-qat çox olduğu hesab olunur. Müxtəlif ölkələrdən qeyri-leqal şəkildə keçən qaçqınların bir hissəsinin harada hansı aqibətlə üzləşməsi rəsmi qurumlar üçün qaranlıq olaraq qalır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə