İQTİSADİYYAT
ARDNŞ-in İnsan Resursları Departamentində Statoil şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir
Bakı, 2 mart (AZƏRTAC). Martın 1-də ARDNŞ-in İnsan Resursları Departamentində Norveçin Statoil şirkətinin Avropa və Asiya üzrə inkişaf və beynəlxalq istehsalat sahəsinin insan resurslarının rəhbəri Andreas Hoistafla görüş keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli Statoil şirkəti ilə ARDNŞ arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən söz açmış, bu cür əlaqələrin hər iki şirkətə böyük töhfə verəcəyini bildirmişdir. Sonra departamentin fəaliyyət istiqamətləri, yeni layihələri barədə məlumat verilmişdir.
Tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə edilmiş, təcrübə mübadiləsi layihəsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Danışıqlar zamanı Statoil şirkətinin insan resursları strukturunun öyrənilməsi məsələlərinə xüsusi toxunulmuşdur. Sonda ARDNŞ-in təqaüd proqramları, təlim və təcrübə prosesləri haqqında ətraflı məlumat verilmiş və Statoil şirkətinin bu layihələrdə rolunun mümkünlüyü barədə fikir mübadiləsi aparılmışdır.