CƏMİYYƏT
ARTIQ UCQAR DAĞ KƏNDLƏRİNDƏ YAŞAYAN HEMOFİLİYALI XƏSTƏLƏR DƏ YÜKSƏK SƏVİYYƏLİ MÜALİCƏ ALACAQLAR
Bakı, 20 fevral (AZƏRTAC). Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə həyata kecirilmiş “Hər hemofiliyalı xəstəyə dövlət qayğısının yetərliliyinin təmini” layihənin yekun nəticələri açıqlanmışdır.
Assosiasiyanın prezidenti Gülnarə Hüseynova hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihədə görülən işlərdən danışmışdır.
Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Xaçmazda yaşayan hemofiliyalı xəstələr qeydiyyata alınmış, tibbi heyətin bu sahədə biliklərinin artırılması üçün seminarlar keçirilmiş, xəstəlik haqqında məlumat materialları çap edilmişdir. Eyni zamanda bu rayonların tibb ocaqları müasir avadanlıqla təmin olunmuşdur. G.Hüseynova vurğulamışdır ki, artıq ucqar dağ kəndlərində yaşayan hemofiliyalı xəstələr də beynəlxalq standartlara cavab verən müalicə alacaqlar.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev layihənin əhəmiyyətini vurğulayaraq Azərbaycanda hemofiliyalı xəstələrə göstərilən dövlət qayğısından danışmışdır.
Tədbirdə bildirlmişdir ki, gələcək 5 il ərzində bu sahədə yeni proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.