CƏMİYYƏT
“ASAN Səyyar xidmət” Ağcabədi və Ağdam rayonlarının sakinlərinə xidmət göstərir
Ağcabədi, 19 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Səyyar xidmət”) xüsusi avtobusu avqustun 18-dən Ağcabədi və Ağdam rayonlarının sakinlərinə xidmət göstərməyə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmaları üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusda göstərilən bu xidmət sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, insanların işinin maksimum asanlaşdırılmasıdır.
“ASAN xidmət”ə müraciət etmək istəyən şəxslər Ağcabədi şəhərinin mərkəzində quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçir, zəruri sənədləri təqdim edirlər. Xidmət yerindəcə göstərilir.
Səyyar xidmətlər Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuşdur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi daxildir. Bütün bunlar hazırda vətəndaşların ən çox müraciət etdiyi məsələlərdir.
Sentyabrın 2-dək davam edəcək ASAN Səyyar xidmətdən Ağcabədi və Ağdam rayonlarının 300 mindən çox olan sakini yararlana biləcəkdir.