REGİONLAR
“ASAN Yay Festivalı”nın növbəti ünvanı Quba olub
Quba, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
“ASAN Yay Festivalı”nın növbəti ünvanı Quba “ASAN Həyat” kompleksi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 30-da “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə keçirilən festivala Quba və ətraf rayonların sakinləri eləcə də turistlər tamaşa edib.
Konsertdə tanınmış müğənnilər Nura Suri, Zenfira İbrahimova, reper Qurd, kubalı müğənni Yanssel Castellon və digərləri geniş proqramla çıxış ediblər. Sonra səhnəyə DJ Bazaur çıxıb.
Konsertdən hazırlanan xüsusi proqram “ASAN Radio”da təqdim ediləcək.
“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.
“ASAN Yay Festivalı” Qubadan əvvəl Masallı, Mingəçevir, İmişli “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad “ASAN xidmət” mərkəzlərində təşkil olunub.