“Aşıq Pəri: həyatı, mühiti və sənəti” kitabının təqdimatı
Bakı, 11 noyabr, AZƏRTACNoyabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı-publisist Əlisahib Əroğulun “Aşıq Pəri: həyatı, mühiti və sənəti” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.
Mərasimi açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkəmizdə aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.Bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə aşıq sənətimiz UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Vurğulanıb ki, 2010-cu ildə Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə keçirilmiş və böyük əks-sədaya səbəb olan birinci Beynəlxalq Aşıq Festivalı aşıq-ozan sənətinin təntənəsi idi. Bu il isə Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə ikinci Beynəlxalq Aşıq Festivalı keçirir. “Aşıq Pəri: həyatı, mühiti və sənəti” kitabının təqdimatı da festival çərçivəsində keçirilən tədbirlərdəndir. Kitabda XIX əsrin birinci yarısında yaşayıb-yaratmış klassik qadın aşıq şeirinin banisi Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edilir.
Görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu və başqaları nəşrin əhəmiyyətindən söz açıblar.
Qeyd olunub ki, kitab Aşıq Pəri irsinin əldə olan hissəsini bütövlükdə əhatə etməklə yanaşı, həm də aşığın həyatının müəyyən məqamlarına aydınlıq gətirilməsi baxımından da əhəmiyyətlidir. Burada indiyəcən ədəbiyyatşünaslıqdakı Aşıq Pəri ilə bağlı fikirlərə də əlavələr olunub ki, bu da kitabın folklorşünaslıq baxımından dəyərini artırır. Bundan əlavə, Aşıq Pərinin şəxsiyyəti ilə ilgili dildə-ağızda dolaşan xoşagəlməz şayiələrin də əsassız olduğu tutarlı dəlillər və faktlar əsasında müəllif tərəfindən üzə çıxarılıb. Bu da əsərin üstün keyfiyyətlərindən biri, bəlkə də ən başlıcası hesab olunmalıdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.