Akademik Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Bu barədə AZƏRTAC -a kitabxanadan məlumat verilib.
Bildirilib ki, elektron məlumat bazası görkəmli alimin zəngin elmi irsinin, çoxşaxəli yaradıcılıq fəaliyyətinin və Azərbaycan elminə verdiyi töhfələrin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb.
Elektron məlumat bazasında akademik Tofiq Hacıyevin həyat və yaradıcılığı ilə bağlı dolğun və sistemli məlumatlar toplanıb. Burada alimin fəaliyyətini əks etdirən rəsmi sənədlər, layiq görüldüyü mükafatlar, həyat və elmi fəaliyyətinin əsas mərhələlərini əhatə edən xronologiya, eləcə də onun haqqında görkəmli şəxslərin söylədiyi dəyərli fikirlər təqdim edilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada akademik Nizami Cəfərovun Tofiq Hacıyevin həyat və yaradıcılığı haqqında qələmə aldığı məqalənin tam mətni də yer alıb.
Elektron məlumat bazasında Tofiq Hacıyevin zəngin elmi və ədəbi irsi də geniş şəkildə təqdim edilir. Burada müəllifi olduğu əsərlər, redaktə etdiyi kitablar və “Ön söz” yazdığı nəşrlər haqqında məlumatlar təqdim edilir. Bununla yanaşı, Tofiq Hacıyevin müxtəlif illərdə dərc olunmuş məqalələri, onun haqqında yazılmış elmi və publisistik yazılar, tərcümələr, eləcə də dissertasiya materialları istifadəçilərin diqqətinə çatdırılır.