ASTARADA 2008-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 17-də Astara Rayon İcra Hakimiyyəti başçısı yanında geniş şura iclasında 2008-ci ilin birinci rübünün yekunları müzakirə edilmişdir.
İcra hakimiyyətinin başçısı Mahir Quliyev aprelin 14-də Prezident sarayında Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrdən danışmış, bu ilin üç ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılmış uğurları dövlətimizin müəyyənləşdirdiyi doğru və düzgün strategiyanın məntiqi nəticəsi kimi qiymətləndirmişdir.
Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətləri diqqətə çatdıran icra hakimiyyətinin başçısı, bu ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsulun 14 faiz artdığını, adambaşına düşən büdcə xərclərinə görə Azərbaycanın MDB məkanında qabaqcıl yerlərdə olduğunu vurğulamışdır.
Rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məslələr üzrə müavini Xanverdi Şirinovun hesabat məruzəsi dinlənilmişdir.
2008-ci ilin birinci rübündə ümumi məhsul istehsalının artdığını, xidmət sahələrinin genişləndiyini və əhalinin həyat səviyyəsinin yaxşılaşdığını diqqətə çatdıran məruzəçi rayon üzrə 123 yeni iş yerinin açıldığını bildirmişdir.
Qeyd olunmuşdur ki, bu ilin üç ayı ərzində rayonda tikinti və quruculuq işləri sahəsində də müəyyən işlər görülmüşdür. Astara şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binası, Dövlət Sosial Müdaifiə Fondunun rayon şöbəsi üçün yeni inzibati bina inşa edilmiş, şəhərin Nərimanov küçəsində yol hərəkətini tənzimləyən keçiddə yenidənqurma işləri aparılmış, Şiyəkəran kənd 2 nömrəli orta məktəbi üçün 420, Pensər kənd 2 nömrəli orta məktəbi üçün 480, Şahağac kənd 2 nömrəli orta məktəbi üçün 320, şəhər 4 nömrəli orta məktəbi üçün 380 yerlik yeni binaların, Vaqo kəndinin ərazisində asfalt zavodun, şəhərin girəcəyində avtovağzal və istirahət kompleksinin, şəhərin mərkəzi meydanında Heydər Əliyev muzeyinin və Heydər Əliyev parkının tikintisinə başlanmış, Xəzər dənizi və Astaraçay sahili boyunca sahil-bərkitmə işləri davam etdirilmişdir.
Müzakirələrdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri 2008-ci ilin birinci rübündə görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsanları, mövcud problemləri də ətraflı təhlil etmiş, onların aradan qaldırılması ilə bağlı təkliflərini bildirmişlər.