REGİONLAR
Astarada çəltik yığımında ölkə üzrə ən yüksək məhsuldarlıq əldə olunub
Astara, 6 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun çəltik sahələrində məhsul yığımı kampaniyası başa çatıb. Bu il rayonda 240,6 hektar sahədə çəltik əkilib. Bu, ötən illə müqayisədə 36 hektar çoxdur. Çəltik sahələrindən 998,5 ton məhsul yığılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov məlumat verib.
Yay mövsümündə havaların normadan artıq isti və quraq keçməsinin məhsul istehsalçılarına bir sıra problemlər yaratdığını vurğulayan E.Abbasov bildirib ki, çəltik sahələrinə düzgün aqrotexniki qulluq edilməsi və suvarmanın növbəlilik əsasında təşkili nəticəsində yaxşı məhsuldarlıq əldə olunub. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,5 sentner təşkil edib. Bu, ölkə üzrə çəltik yığımında ən yüksək göstəricidir.
Builki mövsümdə çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərindəki təsərrüfatları əhatə edib. Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşimi”, “Sədri”, “Apula”, “Şiruzi”, “Xəzər”, “Okean” və “Həsəni” kimi toxum növlərinə üstünlük veriblər.
Astarada çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır.
Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb.
Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında da Astara düyüsünün sifarişçiləri var. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.
Qeyd edək ki, ötən il Astara rayonunda 204,6 hektar sahədən 843,6 ton düyü məhsulu istehsal olunub.