SİYASƏT
ATƏT-İN BAKI OFİSİ AZƏRBAYCANDA MİLLİ PREVENTİV MEXANİZMİN YARADILMASI ÜZRƏ SEMİNAR KEÇİRMİŞDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 25-də ATƏT-in Bakı ofisi Azərbaycanda milli preventiv mexanizminin yaradılması üzrə seminar keçirmişdir. Məqsəd BMT-nin İşgəncələrə qarşı Konvensiyası üzrə Fakültətiv Protokolunun icrasını və Azərbaycanda insanların azadlıqdan məhrum edildiyi yerlərdə işgəncə və pis rəftarın digər formalarının qarşısının alınması üzrə Milli Preventiv Mexanizmin (MPM) yaradılmasını müzakirə etməkdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Azərbaycan Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilmiş seminarda ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melisa Stoun əmin olduğunu bildirmişdir ki, Azərbaycanda MPM-nin uğurla təsis olunması və səmərəli fəaliyyəti qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın digər formalarına qarşı mübarizədə ölkənin göstərdiyi səylər həlledici rola malik olacaqdır.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkə rəhbərliyinin insan hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərdən danışmışdır.
Azərbaycanda MPM-in yaradılmasını yüksək qiymətləndirən E.Süleymanova mexanizmin həyata keçirilməsində beynəlxalq təşkilatların təcrübəsini öyrənməyin vacibliyini vurğulamışdır.
Ölkədə insan hüquqlarının qorunması və işgəncələrə qarşı mübarizə istiqamətində atılan addımlardan danışan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bu sahədə BMT-nin insan hüquqları Konvensiyasını yüksək qiymətləndirmişdir.
N.Ələkbərov, həmçinin penitensiar sistemdə həyata keçirilən islahatlardan danışmış və bu islahatların nəticəsində ölkədə insan hüquqlarının qorunması və işgəncələrə qarşı mübarizə istiqamətində yüksək nailiyyətlərin əldə olunduğunu bildirmişdir.
Böyük Britaniyanın Bristol Universitetində fəaliyyət göstərən İnsan Hüquqlarının Tətbiqi Mərkəzinin ekspertləri, eləcə də Estoniya, Polşa və Gürcüstanın MPM-lərinin nümayəndələri təqdimatla çıxış etmişlər.