SİYASƏT
ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcəkdir
Bakı, 29 oktyabr (AZƏRTAC). ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik iclası çərçivəsində Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstanda həlli uzanan münaqişələrin nizamlanması ilə bağlı danışıqlar prosesinin vəziyyəti müzakirə olunacaqdır.
AZƏRTAC ATƏT sədrliyinin (Litva) mətbuat xidmətinə istinadla xəbər verir ki, “dondurulmuş” münaqişələrlə yanaşı, iclasda enerji təhlükəsizliyi, kiber təhlükələr və narkotiklərin qanunsuz dövriyyəsi, Əfqanıstan və Aralıq dənizi ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq və etimadın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcəkdir. İclasın yekununda Litva təşkilatda sədrliyi İrlandiyaya ötürəcəkdir.
Şuranın işində 56 üzv ölkənin, 12 Şimali Afrika dövlətinin və bir sıra Asiya respublikalarının xarici işlər nazirlərinin, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun, ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiunun və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.