ATİB “QIZIL ÇARX” MÜKAFATINI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) yaranmasının dörd illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Qızıl çarx” mükafatının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən ATİB idarə heyətinin sədri Əhməd Erentok bildirmişdir ki, təmsil etdiyi qurum hər il ənənəvi olaraq yaranma günü ərəfəsində Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsi və hər iki ölkənin regional nüfuzunun artmasına ən çox töhfə verən hadisə üzrə “Qızıl çarx” mükafatlarını təqdim edir.
Natiq demişdir ki, ATİB idarə heyətinin qərarı ilə 2007-ci ildə regionda iqtisadi əməkdaşlığın genişlənməsinə ən böyük töhfə verən hadisə kimi Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) müəyyən edilmişdir. Bu təşkilatın yaradılmasının ilin hadisəsi kimi seçilməsinə təsir edən digər önəmli bir səbəb UBCCE-nin regionda qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən ilk qurum olmasıdır.
Son illər ərzində görulmuş çoxsaylı işlərə toxunan Ə.Erentok demişdir ki, hazırda ATİB-də 16 ölkəni təmsil edən 19 təşkilat birləşmişdir və bu proses davam etdirilir.
Bildirilmişdir ki, ATİB idarə heyəti dörd nominasiya üzrə mükafatların verilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda təşkilat “Xüsusi təşəkkür mükafatı” da təsis etmişdir.
Təşkilatın qərarı ilə Türkiyənin dövlət naziri Kürşat Tüzmen UBCCE-nin qurulmasına verdiyi dəstəyə görə “İlin dövlət adamı” mükafatına layiq görülmüşdür. Mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilmişdir.
“İlin iş adamı” mükafatı Türkiyənin “Sabançı Holdinq” şirkətinin rəhbərlərindən biri və Müşahidə Şurasının üzvü Ömər Sabançıya, “İlin elm adamı” mükafatı doktor Haluk Tükelə, “İlin qeyri-hökumət təşkilatı” nöminasiyası üzrə mükafat Türk Sənayeçiləri və İş Adamları Dərnəyinə (TÜSİAD) və “İlin şirkəti” mükafatı isə “Azercell” BM-ə təqdim edilmişdir. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev isə “Xüsusi təşəkkür mükafatı”na layiq görülmüşdür.
Təqdimat mərasimindən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tanınmış bəstəkarların əsərləri səslənmişdir.
######
![]() |
![]() |

