ELM VƏ TƏHSİL
ATU “Det-Al Alüminium” kompleksinin istehsalat tapşırıqlarını layihələndirəcək
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Det-Al Alüminium” MMC arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə “Det- Al Alüminium” kompleksinin zavodlarında istehsalat prosesi zamanı meydana çıxan nöqsanların ATU-nun alimləri tərəfindən araşdırılması və həllinin tapılması nəzərdə tutulur.
Unıversitetdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı ATU-da keçirilən görüşdə bu ali məktəbin rektoru, professor Akif Süleymanov əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamını ifadə edib. Rektor deyib ki, “Det- Al Alüminium” kompleksində istehsalat proseslərinin təkmilləşdirilməsində ATU-nun metallurgiya üzrə ixtisaslaşmış alimlərinin iştirakı müəssisənin daha da inkişafına zəmin yarada bilər. Kompleksin ATU-da təcrübə sexinin yaradılması və burada istehsalat prosesinin müəyyən hissəsinin həyata keçirilməsi isə müvafiq sahə üzrə hazırlanan mütəxəssislərin gələcək karyerasına müsbət təsir göstərər.
“Det-Al Alüminium” MMC-nin icraçı direktoru Yalçın Camalov bu təkliflərin təmsil etdiyi istehsalat müəssisəsi üçün maraqlı və faydalı olduğunu bildirib. O, qeyd edib ki, hazırda “Det-Al Alüminium” kompleksinin üzləşdiyi ən ciddi problemlərdən biri yaxşı mütəxəssis tapmaqdır. Bu problem sənaye müəssisələrinin ali təhsil ocaqlarında kadr hazırlığı işində birbaşa iştirakı ilə həll edilə bilər. Bu baxımdan “Det-Al Alüminium” MMC ATU ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verir.
Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədi A.Süleymanov və Y.Camalov imzalayıblar.