SİYASƏT
AVCİYA-nın seçki qərargahı prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələrini açıqlamışdır
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı qarşıdan gələn prezident seçkiləri ilə bağlı tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə AVCİYA-nın seçki qərargahının bu il oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar apardığı müşahidələrin nəticələri açıqlanmışdır.
Bildirilmişdir ki, qurum may ayından başlayaraq 4 mərhələdə seçkilərin müşahidəsini həyata keçirir. Hazırda qurum birinci - seçkiqabağı mühitin monitorinqi mərhələsini yekunlaşdırmışdır. Bu mərhələdə 12 qəzetin monitorinqi aparılmış, 3 bülleten nəşr olunmuşdur.
Qeyd edilmişdir ki, monitorinq ölkəmizdə rəqabət qabiliyyətli seçki mühitini əks etdirə bilən 12 qəzet arasında aparılmışdır. Monitorinqin nəticəsinə görə, iyul ayı ərzində qəzetlərdə yazıların 50 faizi seçki proseslərinə həsr olunmuşdur. Monitorinq zamanı bəlli olmuşdur ki, iyun ayından fərqli olaraq qəzetlərin səhifələrində və onların internet saytlarında seçki ilə bağlı yazılar kəskin şəkildə çoxalmışdır.
Bildirilmişdir ki, rəsmi dövlət qəzetləri prezident seçkilərinə hazırlıqla bağlı dərc olunan xəbərlərin sayına görə birinci yerdədir. Bu isə, ümumən, hakimiyyət düşərgəsində vahid kursun və strategiyanın olması ilə əlaqədardır.
Tədbirdə diqqətə çatdırılmışdır ki, AVCİYA avqustun 11-dən etibarən seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsi məqsədilə treninqlər keçirəcəkdir.