ELM VƏ TƏHSİL
Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun üçüncü toplantısında Azərbaycanın turizm potensialı ilə bağlı məruzə dinlənilmişdir
İstanbul, 14 oktyabr (AZƏRTAC). Türkiyədəki Atatürk Universitetində Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun 3-cü toplantısı keçirilmişdir.
Avrasiya məkanındakı 18 ölkənin universitetlərindən 102 rektorun iştirak etdiyi toplantıda ali təhsil ocaqlarında təhsilin səmərəliliyinin artırılmasına dair məruzələr təqdim olunur.
Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov “Azərbaycanın qərb regionunda turizm potensialı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak üç il əvvəl yaradılmış konsorsiumun 30 ölkədən 300 üzvü olduğunu, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini bildirmişdir.
Toplantılarda turizm, biomüxtəliflik, qlobal dəyişikliklər kimi aktual məsələlər müzakirə olunmuş, Şərqi Anadolu və Cənubi Qafqazda mədəniyyətlər mövzusunda simpozium təşkil olunmuşdur. Burada iştirak edən rektorlar oktyabrın 15-də keçiriləcək Türk Dünyası Memarlar və Mühəndislər Qurultayına da qatılacaqlar. Ən başlıcası isə, müəllim və tələbə mübadiləsi çərçivəsində İpək yolu düşərgələrinin təşkil olunması məqsədilə hökumətlərə maddi yardım üçün müraciət qəbul olunacaqdır.
Avrasiya “İpək Yolu” Universitetləri Konsorsiumunun 4-cü toplantısı 2013-cü ilin yanvarında Malayziyada keçiriləcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul