DÜNYA
Avropa İttifaqı Mərakeş üçün rekord həcmdə yardım paketi ayıracaq
Rabat, 15 avqust, AZƏRTAC
Brüssel Mərakeşə azı 500 milyon avro məbləğində yardım paketi ayıracaq. Bu yardım Rabatın qeyri-leqal immiqrasiyaya qarşı mübarizəyə yönəlmiş səylərinin bir hissəsinin maliyyləşdirilməsinə yönəldiləcək. Bundan əvvəlki, 343 milyon avro həcmində yardım paketindən xeyli çox olan yeni maliyyləşdirmə mexanizmi 2021-2027-ci illər dövrünü əhatə edir.
AZƏRTAC xəbər verir ki, həmin vəsait Mərakeşdə yaşayan qaçqınların inteqrasiyası və müdafiəsi, habelə miqrantların məcburi şəkildə qaytarılması layihələrinə, polisin fəaliyyətinin gücləndirilməsinə və mafiya ilə mübarizəyə sərf ediləcək.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, Rabat Avropa İttifaqı xətti ilə maliyyələşdirmənin yeganə benefisiarı olmayacaq. Aİ bütün Şimali Afrika ölkələri ilə miqrasiya sahəsində fəaliyyət planlarını dəstəkləyir.
Sözügedən pullar Mehriban Qonşuluq, İnkişaf və Beynəlxalq Əməkdaşlıq (IDVCI) deyilən yeni büdcə vasitəsindən daxil olacaq. Qarşıdakı dövrü üçün təqribən 80 milyard avro vəsait nəzərdə tutulub, bu, 2014-2020-ci illərin büdcəsində nəzərdə tutulanlardan 13 faiz çoxdur. Fondun ümumi məbləğinin 10 faizini miqrasiyanın idarə edilməsi üçün ayırmaq nəzərdə tutulur.
2020-ci ildə koronavirus pandemiyasının kəskin dövründə miqrantlar üçün Kanar marşrutu bərpa olunub. Həmin ildə arxipelaqa gəlmiş 23 min insanın yarıdan çoxu mərakeşlilər olub. Kanar adalarında miqrasiya böhranından sonra Aİ üzvü olan ölkələr Mərakeşlə münasibətlərə və uzunmüddətli məqsədlərə əsaslı şəkildə yenidən baxılmasını tələb ediblər.
Rabat