DÜNYA
Avropa İttifaqı qanunsuz miqrasiya səbəbindən Serbiya ilə viza liberallaşdırılmasını dayandıra bilər
Belqrad, 15 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiyanın artması səbəbindən Serbiya ilə viza liberallaşdırılmasını dayandıra bilər.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson Serbiyanın Aİ-yə qeyri-qanuni miqrasiyanın ciddi artımını dayandırmayacağı təqdirdə viza rejiminin liberallaşdırılması sazişinin dayandırılması variantının nəzərdən keçiriləcəyini deyib. O, son dövrlərdə Qərbi Balkan marşrutunda 3 qat daha çox nizamsız miqrant axınının müşahidə edildiyini bildirib.
Y.Yohansson Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin bu məsələ ilə bağlı Serbiya Prezidenti Aleksandr Vuçiçlə müzakirələr apardığını da qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad