SİYASƏT
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASININ İCLASLARI DAVAM EDİR
AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEV İCLASA SƏDRLİK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Strasburqdan xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının aprelin 2-də keçirilmiş növbəti iclasında fransalı deputat Bernar Şrenerin “Avropa və Xəzər dənizi regionunda enerji ehtiyatlarının inkişafı” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Xəzərin enerji ehtiyatları ilə zəngin olduğunu vurğulamış, bu ehtiyatların təkcə sahilyanı ölkələr üçün deyil, həm də Avropa ölkələrindən ötrü böyük əhəmiyyəti olduğunu, habelə SSRİ-nin süqutundan sonra Xəzərdə zəngin yataqların istismarına başlandığını bildirmiş, Xəzəryanı ölkələrin bu sərvətlərdən istifadə edilməsi üçün gördüyü tədbirlərdən danışmışdır.
Fransalı deputat bölgədəki münaqişələrin Xəzərin enerji ehtiyatlarından daha səmərəli istifadə edilməsinə mane olduğunu da bildirmişdir. Eyni zamanda, B.Şrener demişdir ki, regionun enerji ehtiyatlarından düzgün istifadə olunması sahilyanı ölkələrin bəzilərində yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev məruzə ətrafında müzakirələrdə çıxış etmişdir.