CƏMİYYƏT
Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı cəza tədbirləri daha da gücləndirilmişdir
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 8-də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, şöbə rəisi son aylar ərzində yol hərəkəti qaydalarının təkmilləşdirilməsi istiqamətində qəbul olunmuş yeni qərarlar və onların tətbiqi ilə bağlı ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ötən ilin dekabrında yol hərəkəti qaydalarına bəzi əlavə və dəyişikliklər edilmişdir. Bunun nəticəsində cərimələr artırılmışdır.
K.Əliyev bildirmişdir ki, ötən il respublika ərazisində 2892 yol-nəqliyyat hadisəsi baş vermişdir. Qəzalar nəticəsində 1168 nəfər ölmüş, 2997 nəfər isə xəsarət almışdır. Yaralananların sayında 34 fakt azalma vardır. Amma çox təəssüflər olsun ki, qəzalar zamanı ölənlərin sayında təxminən 15 faiz artım olmuşdur. Ümumilikdə 2011-ci illə müqayisədə 2012-ci ildə də qəzaların sayı sabit qalmışdır.
Yol qəzalarında ölüm hallarının əsas səbəbi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməmələri, bir çox avtomobillərin buraxılış ilinin köhnəliyi və belə nəqliyyat vasitələrinin təhlükəsizlik sistemi ilə təchiz olunmaması, eləcə də sürücülərin avtomobilləri sərxoş vəziyyətdə idarə etməsi və digər qayda pozuntuları ilə əlaqədardır.
Ötən ilin dekabrında yol hərəkəti qaydalarına bəzi əlavə və dəyişikliklər edildikdən sonra müəyyən maddələr üzrə cərimələrin artırıldığını deyən K.Əliyev vurğulamışdır ki, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı bu sanksiyalar daha da gücləndirilmişdir. Əvvəllər sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən şəxs birinci dəfə üçün sadəcə cərimələnir və ona 6 bal verilirdisə, artıq belə sürücülər birinci dəfədən də sürücülük hüququndan məhrum edilə bilirlər. İndi maddələr üzrə icraat Dövlət Yol Polisi tərəfindən deyil, məhkəmələr tərəfindən həyata keçirilir. Yəni avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü barəsində qərarı məhkəmələr qəbul edir.
Şöbə müdiri demişdir ki, ötən il avtomobili sərxoş halda idarə edən 18 min sürücü məsuliyyətə cəlb olunmuşdur. Belə sürücülərin iştirakı ilə 96 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 42 nəfər ölmüş, 105 nəfər xəsarət almışdır.
K.Əliyev respublika ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə də ətraflı məlumat vermişdir.